Hacı Beytullah MUTLU

Tarih: 30.05.2025 10:02

9 Mayı Azərbaycan bayram edir. Rusiyadan ayrıldığı bir halda bunun anlamı varmı?

Facebook Twitter Linked-in

Sual: 9 Mayı Azərbaycan bayram edir. Rusiyadan
ayrıldığı bir halda bunun anlamı varmı?
Cavab: Bu sualı virtual aləmdə olan türk qruplarından
tez-tez sorurlar və yadımdadır ki, 2019-cu ildə Sivasdakı
Cümhuriyyət Universitetində yazıçı kimi görüşüm
keçiriləndə bu sualı verdilər. 9 May Qələbə Gününü
əslində Rusiyanın ünvanına yönəltməyin özü yanlışdır,
burda Amerikanın, İngiltərənin, Rusia daxilindəki o
zamankı 15 respublika, bu republikalar qədər olmasa da
qərb ölkələri çox ziyan çəkiblər. Fransa, Polşa,
Rumuniya, Yuqaslaviya, Macarıstan, o vaxtkı
Çexoslovakiya və s. Bunun adı faşizmə qarşı birləşib ilk
növbədə fiziki zərbə vurmaq idi.
İkinci Dünya Savaşında 55 milyon insan öldürülüb.
Bəşər tarixindəki qanlı savaşlar içində ən çox insanın
öldürüldüyü vəhşi bir olaydır, üstəgəl, Auşvitz
lagerlərində minlərlə insanın diri-diri yandırılması, qaz
sobalarında boğulması tarixin üzqarasıdır. Yetərki
Heather Morrisin "Auşvitz döyməçisi", Svetlana
Aleksiyeviçin "Müharibə qadın siması deyil", "Onlar
sonuncu şahidlərdir" kimi sənədli romanlarını
oxuyasınız. 

 

 


O zaman Azərbaycan əhalisi 2 milyondan bir az çox idi.
640 min yurddaşımız savaşa qoşulub, 300 yüz mindən
artıq azərbaycanlı, hardasa əhalinin 10 faizindən çoxu
ölüb, şikəst olub. İbtidai sinif müəllimimiz Həsən (Çolaq
Həsən) vardı iki qıçını itirmişdi, zavodda çalışanda iş
yoldaşım vardı mühəndis Bəhmən bir qolu yox idi,

"Qolu yox Bəhmən" deyirdilər. Uşaqlıq yaddaşımız
müharibə ilə zədələnmişdi.
İki əmim savaşa gedib, onlardan biri qayıtmamışdı və
hər axşam üstü ailəmiz bir yerə yığılanda nənəmin
gözləri yol çəkirdi ağlayırdı.
"Savaşda qalib yoxdur" romanımda bu haqda
yazmışam.
Heç bir savaşın sonunu qələbə saymıram, çünki orda
milyonlarla insan ya ölür, ya da yaddaşı zədələnir.
Müharibədən sonra cəmiyyətdə təzələnmə baş
verdiyini deyən yazarlar, sosioloqlar var, tutaq elə, dahi
yazıçı saydığımız Dostoyevski. Onun zənnincə,
müharibə lazımdır, insanlarda mehribanlıq, doğmalıq
yaradır. O necə doğmalıqdır ki, qan tökməklə yaranır?
Bəs, sonra nə baş verir? Dünya yeni bir savaşa hamilə
olur. Demək, bu yalançı doğmalıqdır. Doğmalıq ruhla
bağlı olmalıdır.
İkinci Dünya Savaşında Azərbaycan Sovet ordusunun
neft ehtiyacının 80%-ini və motor yağı ehtiyacının 90%-
ını ödəyərək savaşın qazanılmasına böyük yardım
etmişdir. Ümumən, İkinci Dünya Savaşının qələbəsini
yalnız rusun qələbəsi kimi qeyd etmək ən azından
günahdır, burda bəşərin sağ qalması üçün 55 milyon
insan həyatını itirib, bundan dəfələrlə çox insanın içi
yanıb.
  2017-ci ildə Qırğızıstanın başkəndi Bişkeşdə
parlament binasına rus dilində vurulmuş "Böyük Vətən
müharibəsi 1941-45" şüarı halımı pozdu. Düzdü, sovet

dönəmində bu növ şüarlar bizdə də hər yerə vurulurdu.
1990-cı ilin 20 Yanvarında Bakının küçələrində dinc
əhalinin üzərindən bir vaxt faşizmə qarşı vuruşan
"xilaskar" rus ordusu tanklarla keçəndən sonra o şüar
funksiyasını itirdi. "Böyük Vətən" Rusiya sayılırdı, indi o
vətən bizim üçün ölüb!
Həm də o zaman savaş iştirakçılarının yaxasına "Georgi
Lenti" vururdular. SSRİ dağıldıqdan sonra əsl tariximizi
öyrənəndə dərk etdik ki, bu nişanı daşımağın özü bizim
millətə təhqir imiş.
 "Georgi Lenti" 1769-cu ildə imperatriça II Yekaterina
tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus
əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq,
təqdim olunurdu. Təsis olunmasına səbəb isə Rusiya-
Türkiyə (Osmanlı) müharibəsi idi, yəni, ilk o müharibədə
vuruşan ruslara təqdim edilib. Yəni, qısaca desək,
manqurtlaşma prosesinə gözüyumulu getmişik.
 Yuxarıda qeyd etdiyim Dostoyevskinin fikrinə bir də
qayıdıb şərh vermək istəyirəm, müharibə vəhşi
ehtirasları qabardır, öldürməsən öləcəksən prinsipi ilə
əsgər savaş meydanına atılır. Burda hardaydı insanlıq?
Qaldı, onun dediyi mərhəmət hissi haqda.
Mərhəmət hissi insanlıqdan doğan bir haldır,
doğmalığın tam ifadəsi deyil.
Sovet həkimi əsir düşmüş yaralı alman əsgərinə yardım
edirdi, baxmayaraq, bir-birlərinə qatı düşmən idilər.
Lakin yardım etməliydi, bu insani borcdan doğurdu.

Əgər müharibə doğmalıq yaradırdısa, bəs niyə faşizm
üzərində qələbə çalan bir ordu 80 ildən sonra özü də
dönüb faşist oldu? Demək, müharibə heç də insani
hissləri tərbiyə etmir, əslinə qalsa, vəhşiliyi qabardır.


Orjinal Köşe Yazısına Git
— KÖŞE YAZISI SONU —