Tarih: 26.05.2025 16:37 Güncelleme: 26.05.2025 16:37

Hacı Beytullah MUTLU

İranda  türk dilin və ədəbiyyatının qoruyucusu, millətin dirəniş   simvolu - Doktor Cavad Heyət

 

                                                                                          Cavad Heyət -100

 

İran­da 30 il­dən çox  İran Türklə­ri­nin mə­nə­vi var­lı­ğı­nın – Azər­bay­can-türk di­li­nin, ədə­biy­ya­tı­nın, mə­də­niy­yə­ti­nin qo­ru­nub ya­şa­dıl­ma­sı dok­tor Ca­vad He­yə­tin adı ilə bağlı olub.

 Doktor Cavad Heyət türkologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və tibb sahəsində paralel və səbatlı fəaliyyəti ilə çağdaş Azərbaycan və türk dünyasının görkəmli simalarından biri kimi tanınır. Onun irsi yalnız klassik dövrün ədəbi, tarixi şəxsiyyətlərinin araşdırılması və dəyərləndirilməsi ilə tamamlanmır, bu türk sevdalısının həyatı daim dilimiz, ədəbiyyatımız milli kimliyimiz uğrunda mübarizədə keçib.

 

Tehran və İstanbulUniversitetlərində aldığı tibb təhsili ilə o, sadəcə bir cərrah olmadı, həm də milli idealların daşıyıcısına çevrildi. Çünki onun üçün türkcə yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin təməl sütunu idi. Elə buna görə də, 1950-ci illərdə ali təhsilini başa vurduqdan sonra Fransaya yollanaraq ixtisasını artırarkən belə, türk dili və mədəniyyəti üçün etdiyi işləri davam etdirdi. Parisdə olarkən də Azərbaycanla, ana dili ilə bağlı elmi məqalələr oxuyur, Avropa kitabxanalarında tariximizə dair məlumatlar toplayırdı.

 

Pəhləvi  rejiminin Azərbaycan türkcəsinə qarşı apardığı sistemli assimilyasiya siyasətinə qarşı onun mübarizəsi elmi cəbhədə başladı. Öncə tibb məqalələrini türkcəyə uyğunlaşdırmaq, terminləri milli dilin strukturu ilə izah etmək cəhdləri ilə. Sonra isə ədəbiyyat və publisistika sahəsində. Çünki o bilirdi – yalnız həkimliklə bir xalqın ruhunu sağaltmaq olmaz; dil, yaddaş, kimlik də şəfa tapmalıdır.

 

  Dr. Cavad Heyətin tədqiqatları sırasında iki cilddə “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” adlı elmi əsəri mühüm yer tutur. Bu əsər ilk dəfə Tehranda 1980-1990-cı illərdə çap olunmuş, bundan sonra Bakıda (1993) nəşr edilmişdir. Onun “Müqayisəti-tül-Lüğəteyn” (1984, 1993), “Türk dili və ləhcələrinin tarixinə bir baxış” (1987), “Azərbaycan Şifahi Xalq Ədəbiyyatı” (1986, 1990), “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1988, 1993) və “Ədəbiyyatşünaslıq” (1995, 1997) kimi elmi əsərləri də Azərbaycan türkologiyasına bəxş etdiyi töhfəsi hesab olunur. Bu əsərlərin əksəriyyəti həm Azərbaycanda, həm də Türkiyədə dəfələrlə nəşr olunmuş və tədqiqatçılar tərəfindən etibarlı bənbə olaraq istifadə edilmişdir. Cavad Heyətin 13 orijinal müəllif əsəri və 357 elmi məqaləsi mövcuddur ki, onların böyük bir qismi türkologiya və ədəbiyyat tarixi kontekstində aparılmış sistemli araşdırmalardır.

   Cavad Heyət, klassik və çağdaş ədəbiyyatın dərin bilicisi idi. O, Nizaminin hikmətini, Hafizin təfəkkürünü, Füzulinin əzəmətini yaddaşında yaşadırdı. O, Yəhya Kamalı, Tofiq Fikrəti əzbər bilirdi, amma qəlbində poeziyanın zirvəsi Şəhriyar idi. Çünki Şəhriyar da onun kimi həm yanan, həm də yandıran bir səs idi. Heyət Şəhriyar şeirlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını öz yaradıcılığında da əks etdirirdi.

   Cavad Heyətin “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” əsəri Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini sistemli şəkildə təhlil edən önəmli bir tədqiqatdır. Bu əsərdə o, klassik dövrün nəhəngləri olan Nizami, Xaqani, Füzuli, Vaqif kimi şairlərin yaradıcılığını, onların dövrünün ictimai-siyasi şəraiti ilə əlaqələndirərək analiz edirdi. O, bu şairlərin əsərlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını ön plana çıxarırd;.

    Heyətin “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı əsəri, xalqımızın zəngin folklor irsinin toplanması, sistemləşdirilməsi və təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kitabda o, nağıllar, dastanlar, bayatılar, atalar sözləri kimi janrları tədqiq edərək, onların milli kimliyin formalaşmasında və nəsildən-nəslə ötürülməsində oynadığı rolu vurğulayır. O, bu irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkirdi.

   Cavad Heyətin “Türk dili və ləhcələrinin tarixi " İran türkologiyasının əsasını qoyan əsərlərdən biri kimi böyük əhəmiyyət daşıyır. Əsərdə türk dilinin tarixi mərhələləri, bu dövrlərə aid başlıca əsərlər, istifadə olunan əlifbalar haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim olunmuşdur. Əsər eyni zamanda şahlıq rejimi zamanı hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdır. 

Cavad Heyət, ədəbiyyat və tarixi bir-birindən ayrı sahələr kimi deyil, bir-birini tamamlayan və birlikdə bir millətin kimliyini formalaşdıran sahələr kimi görürdü. O, ədəbiyyatın tarixə, tarixin isə ədəbiyyata təsirini dərin təhlil edərək, bu iki sahənin sintezini yaradırdı. Onun əsərlərində ədəbiyyat tarixə, tarix isə ədəbiyyata çevrilirdi.

 C.Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” əsəri, türklərin qədimdən bəri keçdiyi tarixi yolun, onların mədəniyyətinin və dövlətçilik ənənələrinin dərindən təhlilinə həsr olunub. Bu əsərdə o, qədim Çin və Bizans mənbələrinə istinad edərək, türklərin tarixini obyektiv şəkildə təqdim edir. O, türklərin dövlətçilik ənənələrini, mədəniyyətlərini, dil və ədəbiyyatlarını elmi əsaslarla təhlil edir və bu sahədəki spekulyativ yanaşmalara qarşı çıxır.

  O, ömrü boyu dözüm, qətiyyət və humanizm prinsiplərini öz həyatının əsas meyarları kimi qəbul etmiş, bu prinsipləri həm şəxsi həyatında, həm də ictimai fəaliyyətində daim rəhbər tutmuşdur.

   Cavad Heyət, Pəhləvi rejiminin türklərə qarşı apardığı assimilyasiya siyasətinə qarşı səssiz, lakin möhkəm bir dirəniş nümayiş etdirmişdir. O, “Varlıq” dərgisi vasitəsilə ana dilində yazmaq, düşünmək və danışmaq hüququnu müdafiə etmiş, bu yolda qarşılaşdığı çətinliklərə baxmayaraq, heç vaxt geri çəkilməmişdir. Onun bu qətiyyəti, bir çox gənc ziyalının milli şüurunun formalaşmasında mühüm rol oynamışdır.

   Onun “Varlıq” adlı jurnalı uzun illər boyu təkcə bir nəşr orqanı deyil, həm də azərbaycanlıların milli kimlik mücadiləsinin mühüm bir tribunasına çevrildi. Bu jurnal vasitəsilə türkcənin zəngin ifadə imkanları yenidən gündəmə gətirilir, unudulmaqda olan sözlər, deyimlər dirildilir, xalq ədəbiyyatına, klassik poeziyaya və çağdaş dilçilik məsələlərinə dair məqalələr ard-arda çap edilirdi. Leksikoloji, sintaktik, fonetik və tarixi baxışlarla yazılmış bu məqalələr, ana dilində elmi düşüncə nümunələri yaratmaq baxımından bir məktəb rolunu oynayırdı.

Bu jurnal həm bir məfkurə məktəbi idi, həm də bir elmi laboratoriya. Onun səhifələrində yazmaq, çap olunmaq – sadəcə ədəbi fəaliyyət deyildi, bu, milli xidmət idi. Cavad Heyət redaktor kimi ciddi seçim edir, yazıların dilini, elmi səviyyəsini yoxlayır, bəzən müəlliflərin özlərindən daha çox onların yazılarını təkmilləşdirirdi.

 

Doktor Heyət 1980-ci illərdən etibarən yalnız İranda deyil, Azərbaycanda da tanınmağa başladı. 1990-cı illərdən sonra isə onun Azərbaycana səfərləri sıxlaşdı. Bakıdakı çıxışlarında tez-tez deyirdi: “Bir millətin dili xəstədirsə, onun kimliyi də xəstədir. Həkimlik təcrübəmdir, amma ən böyük müalicəm – türkcənin dirçəldilməsidir.”

 

   Dr. Cavad Heyət öz yazılarında yalnız dilin qayda-qanunlarını izah etməklə kifayətlənmirdi; o, bu dili yaşadan insanları da unutmur, xalqın yaddaşında qalmış şair və yazıçıların irsini də tədqiq edir, müasir oxucuya təqdim edirdi.       O, türk dillərinin tarixi birliyini və qarşılıqlı əlaqələrini göstərməklə yanaşı, Azərbaycan türkcəsinin də özünəməxsus inkişaf yolunu araşdırırdı. Həm klassik dövr, həm də çağdaş dövrün dil nümunələrini müqayisəli şəkildə təhlil edən Cavad Heyət, Azərbaycan türkcəsinin həm elmi, həm də ədəbi dil kimi formalaşması üçün önəmli bir nəzəri baza qurmuşdu.

   Siyasi baxımdan o, daim təmkinli, lakin prinsipial bir mövqe sərgilədi.Pəhləvi şah rejiminin azərbaycanlılara qarşı assimilyasiya siyasətini tənqid etsə də, bunu elmi və mədəni əsaslarla etdi. O, nifrət və qarşıdurma yaratmaqdan çox, anlaşma və özünüdərk yaratmağa çalışdı. Bu yanaşma onun həm Güney, həm də Quzey Azərbaycanda geniş hörmət qazanmasına səbəb oldu.

  Ömrünün son illərində də Dr. Cavad Heyət eyni enerji, eyni ideya aydınlığı ilə fəaliyyət göstərməkdə davam edirdi. Yaşı və səhhətindəki çətinliklərə baxmayaraq, o, elmi və mədəni tədbirlərdə iştirak edir, gənc yazarların əsərlərinə ön söz yazır, müxtəlif beynəlxalq konfranslara qatılaraq ana dili, türk dünyası və İran türklərinin hüquqları mövzusunda çıxışlar edirdi. Onun səsi, təkcə Azərbaycan daxilində deyil, Türkiyə, Orta Asiya və Avropa universitetlərində də eşidilirdi. Hər yerdə onu bir elm adamı, ziyalı, dil və mədəniyyət müdafiəçisi kimi qarşılayırdılar.

   Dr. Cavad Heyət bir ömrü həm həkimliklə, həm də xalqına xidmətlə keçirdi. O, tibbdə insanların cismini, ədəbiyyatda isə ruhunu müalicə edirdi. O, yalnız mütəxəssis deyildi — o, bir çağın vicdanı, bir xalqın yaddaşı və bir millətin dirəniş simvolu idi. Onun həyatı göstərdi ki, elm, mədəniyyət və vətən sevgisi bir insanda necə birləşə və bütöv bir xalqa necə yol göstərə bilər.

 

                                                 Dr. Pərvanə Məmmədli, Doktor Cavad Heyət irsinin araşdırıcısı 


TÜM YAZARLAR

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.